Xarici kitabların tərcümə işi niyə zəifdir? (nəşriyyat rəhbərlərilə sorğu)

0

Azərbaycanda xarici kitabların tərcüməsi sahəsində bəzi ciddi problemlər var. Son illər tərcümə sahəsində peşəkar mütəxəssislər də çatışmır.Azərbaycan Tərcümə Mərkəzinin rəhbəri Afaq Məsudun sözlərinə görə, onların kitab tərcümə etmək üçün həm potensialı, həm də işçiləri var: “Amma tək problem oxuculardır. Baxın ən səviyyəli yazıçılardan – Markezdən, Kafkadan bir əsərin tərcüməsini ən gözəl dizaynda, illisturasiyalarla 50-100 min tirajla çap edək. Sizcə oxuyan olacaq..? Yox. Çünki bizdə kitab oxumaq mədəniyyəti itib. Bu mədəniyyəti yaratmaq üçün təbliğat gücləndirilməlidir. Bizə əvvəlcə dövlətin yardımı gərəkdir ki, güclü təbliğat işi quraq. O zaman oxucu qazanıb kitab tərcüməsini artıra bilərik. Biz son illər heç bir kitab tərcümə etməmişik”. A.Məsudun sözlərinə görə, bugünkü Azərbaycan gəncləri kitab oxumaq əvəzinə zərərli işlərlə məşğuldur.

 

“Qanun” Nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu: “Xarici kitabların tərcüməsi işləri gedir. Özəl nəşriyyatlar az da olsa, çalışırlar ki, tərcümə işləri görsün. O cümlədən də bizim nəşriyyat. Biz ruscadan, ingliscədən, almancadan, fransızcadan çalışırıq ki tərcümələr edək. Konkret işlər də görürük, xarici nəşriyyatlarla əlaqə yaradırıq, orada çıxan yeni ədəbiyyatların siyahısını alırıq. Maraqlı görünən ədəbiyyatların müəllif hüququnu alırıq. Bəzi müasir alman ədəbiyyatının nəsr yazarlarının müəllif hüquqları var bizdə, onları tərcümə edirik. O cümlədən də Norveç ədəbiyyatının. Yəni bizim hal-hazırda işlərimizdən biri Avropa ədəbiyyatının bəzilərini Azərbaycan dilinə çevirməkdir.

Amma ümumilikdə götürəndə, tərcümə sahəsində nəşriyyatlar zəif iş görür, bəziləri hesab edirlər ki, onların işini dövlət görəcək. Ancaq bu işə dövlət yardım ayıra bilər. Əlbətdə yardımlar olsa, yaxşıdır. İndi yardım yoxdusa, biz bu işləri görməliyiuk.

Mənə elə gəlir ki, tərcümə işinin zəifliyi həm də oxucularla da bağlıdır. Həmin kitablara tələbat varmı? Azərbaycanın öz tanınmış yazıçıları oxucu toplaya bilmirsə, hansısa alman, ya fransız yazarı necə oxucu toplaya bilər? Yəni problem budur. Mən naşir olaraq o kitabı çap etmək istəyirəm ki, maraqlı olmaqla yanaşı, həm də alıcı toplaya bilsin, satıla bilsin. Əgər satılmırsa, mən onu necə nəşr edə bilərəm? Ən ciddi problem oxucularla bağlıdır. İnanıram ki, kitab gec-tez öz dəyərini Azərbaycanda bərpa edəcək. Bu tendensiyanı görürəm və baxıram ki, hər il kitab oxucularının sayı artır. Amma nəşriyyatlar da çalışmalıdır ki, oxucularının ümidlərini sındırmasınlar”.

 

“Xəzər” Nəşriyyatının rəhbəri Anar Mabudov: “Demək olar, hər bir fəaliyyətin əsasında müəyyən dərəcədə tələb-təklif münasibəti dayanır. Eyni zamanda tərcümə işinin də. SSRİ dövründə xarici dillərdən sovet ideologiyası çərçivəsində – bu ideologiyanın təbliğatına xidmət edən və ya yarayan – kapitalist ölkələrin acınacaqlı vəziyyətindən bəhs edən əsərlər (Balzak, Əziz Nesin kimi yazıçıların əsərləri) – Azərbaycan dilinə tərcümə olunub yüksək tirajla nəşr edilirdi. Yəni tərcümə işi birbaşa dövlətin inhisarında idi. Dövlət sovet ideologiyasına uyğun beyinlər yetişdirir, sonra da onu “fikir” – kitabla təmin edirdi. Bugünkü mənzərə o dövrdən fərqlənir və etiraf edək ki, istər kəmiyyət, istərsə də keyfiyyət etibarilə tərcümə işi zəifləyib. Amma digər tərəfdən Sovet senzurasından keçə bilməyib illərlə oxuculara naməlum qalan kitabların (həm də rus dili vasitəsilə deyil, birbaşa orijinaldan) dilimizə çevrilməsi təqdirəlayiq hal kimi qiymətləndirilməlidir”.

 

Anar Mabudovun sözlərinə görə, hazırda ölkəmizdə tərcümə ədəbiyyatının azalmasının bir çox səbəbləri var: “Müsbət mənada götürəndə əsərləri orijinaldan oxuya bilən və ya oxumağa üstünlük verən istedadlı gənclərin yetişməsi getdikcə artmalıdır”.

 

Nəşriyyat rəhbəri tələb-təklif məsələsinin tərcümə işi ilə əlaqəsi baxımından tərcümənin azalmasının səbəbləri barədə də danışıb. O, bu sırada bir sıra səbəblər qeyd edir:

”Birincisi dünyagörüşün – düşüncə, fikir, zövq və maraqların, dəyər anlayışının müəyyən qədər dəyişməsini qeyd etmək olar. Belə ki, əksər insanlar üçün kitab birinci dərəcəli vacib vəsait deyil. Xoşumuza gələn bir əşya olanda, ac qalsaq da, pul tapıb onu alırıq. Amma kitaba gəlincə, “olmasa da olar” deyib vaz keçirik. Yəni kitaba tələbat azalır.

İkincisi ali qayələr uğrunda elm öyrənmə ənənəsinin davam etdirilməməsi. Dövrünün böyük alimi Xətib Təbrizi Əbul Əla Məəridən elm öyrənmək üçün Təbrizdən ta Suriyaya getmişdi. Mahmud Kaşğarlı Türk ellərini oymaq-oymaq gəzmiş, Kaşğardan (Qərbi Çindən) Bağdada gəlmişdi. Ümumiyyətlə, Şərqin intibahı və inkişafı elm öyrənmə şövqü ilə sıx bağlıdır. Elə XIX-XX əsrlərdə Azərbaycandan Həsən bəy Zərdabi, Sultan Məcid Qənizadə kimi minlərlə elm fədaisi çıxmışdı. Yəni bu gün də bir təmənna ummadan, maddi mənfəət güdmədən, sırf cəmiyyətin maariflənməsi üçün kitabları tərcümə edib oxucuların istifadəsinə vermək mümkündür.

Kitab kültürünün zəifləməsi. Məsələn, əvvəllər oxumasa belə, evində kitab kolleksiyası toplayan insan az deyildi. Cəmiyyətdə kitaba maraq böyük idi, kitabla öyünərdilər.

Digər səbəb kimi iqtisadi sistemin spesifikasını göstərmək olar. İndi ali məktəbə hazırlaşanlar daha çox pul qazanmaq, karyera qurmaq üçün texniki sahələrə üstünlük verirlər və bu nisbət getdikcə artır. Hətta humanitar ixtisasların bəzi tələbələri öz sahəsini bir kənara atıb kompüter öyrənməklə məşğuldur. Bu, humanitar sahələrin perspektivsiz olması demək deyil. Müəyyən mənada dəb xarakterini alıb.Hətta Digər örnək: bir neçə il əvvəl III qrupa sənəd verən abituriyentlərin sayı digər qruplara nisbətən çox idi. Amma indi… nəzərə alanda ki, ən çox kitab oxuyanlar (xüsusən də ədəbiyyat) humanitar ixtisasların müəllim və tələbə heyətidir, məsələ aydın olur. Çünki ən çox ədəbiyyat elə humanitar sahələrə aiddir. Toplumun ideoloqları, filosofları daha çox bu sahələrdə yetişir.

İnformasiyanın alınma vasitələrinin çoxalması. Əvvəllər, dünya ədəbiyyatının inciləri ilə, yeni-yeni əcnəbi tədqiqatlarla tanış olmaq üçün kitab əsas vasitə hesab olunurdu. İndi isə internet və TV kanalları əsas vasitələrdən birinə çevrilmişdir. Kitabla bağlı xeyriyyəçilik işinin zəif olması. H. Z. Tağıyev və onun timsalında bir çox xeyriyyəçilər neçə-neçə qəzet, jurnal və kitablara təmənnasız maddi yardım göstərmişdi. Bütün bu səbəblər ümumiyyətlə kitaba, eyni zamanda tərcümə ədəbiyyatına marağın, tələbatın azalmasına gətirib çıxarır. Həmçinin ölkəmizdə nəşriyyat biznesi formalaşmayıb, nəşriyyatlar tam ixtisaslaşmayıb, ilk addımlarını atır. Kitab reklamının zəif olması da buna müəyyən qədər təsir göstərir. Kitabların tərcüməsinin azalmasın bir çox mənfi nəticələri var.

  1. Oxucular əcnəbi dillərdə çap olunmuş istər elmi, istərsə ədəbi kitabları vaxtında mütaliə edə bilmir, hətta müəyyən kitabların varlığından xəbərsiz qalır. Bu da dünya elmi və ədəbi mühitindən təcrid olunmağa gətirib çıxarır.
  2. Xarici ölkələrdə yeni çıxan və xüsusən də, yüksək tirajla satılan kitablarda təbii ki, yeni fikirlər, ideyalar, fərziyyələr, elmi faktlar az olmur. Bunlarla vaxtında tanışlıq xalqın mədəni səviyyəsinə müsbət çalarlar əlavə edir. Ümumiyyətlə, təfəkkürün zənginləşməsində, dünyagörüşün dərinləşməsində, ideya və mədəni irsin yayılmasında və mənimsənilməsində, xalqların inteqrasiyasında, sıx mədəni əlaqələr qurmasında tərcümənin rolu böyükdür.
  3. Tərcümə dilin ifadə imkanlarını, çevikliyini artırır, yeni sözlər gətirməklə leksikanı zənginləşdirir. Son olaraq deyək ki, bu proses təbiidir. Gedişat göstərir ki, get-gedə tərcümə işi də öz axarına düşəcək.

Biz də “Xəzər Nəşriyyat” olaraq, bu günə qədər müxtəlif (ailə, uşaq, elmi, mənəvi-əxlaqi) mövzularda 50-yə yaxın kitab tərcümə edib çapdan buraxmışıq”.

Vüqar Ağamalıoğlu

Today`s Baku

Todaysbaku.az

rəylərinizi unutmayın
Share.

About Author

Comments are closed.