Memar kimi Azərbaycanda fəaliyyət göstərmək niyyətindəyəm – Müsahibə

0

Mart ayının 4-də Heydər Əliyev Sarayında Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi və Anadolu Dil Kültür Mərkəzinin təşkilati dəstəyi ilə orta ümumtəhsil məktəblilərinin 7-11-ci sinif şagirdləri arasında keçirilmiş XI “Ana dilimizi sevək, sevdirək” müsabiqəsinin və XII Beynəlxalq Türk Dili Olimpiadasının Azərbaycan mərhələsinin mükafatlandırılma və yekun proqramında – “Dil və Mədəniyyət Festivalı”nda xarici ölkələrdən dəvət olunmuş qonaqlar da iştirak etmişlər. Onlardan biri də Myanmardan gəlmiş Key Kay Vin Cusi idi. O, tədbirin ertəsi günü qəzetimizi – “Zaman-Azərbaycan”ı ziyarətə gəlmişdi. Bu mehriban, hazırcavab qızla elə redaksiyamızda həmsöhbət olduq. Əvvəlcə, “Dil və Mədəniyyət Festivalı”ndan söz açan müsahibimiz bu tədbirin onun həyat salnaməsinə qızıl hərflərlə həkk olunduğunu bildirdi. Daha sonra o, bizi maraqlanıran sualları cavablandırdı.

– Cusi xanım, özünüz haqqında ətraflı məlumat verməyinizi xahiş edirik.
– Mən Myanmarın Yanqon şəhərində yaşayıram. Elə bu şəhərdəki Beynəlxalq “Üfüq” məktəbində təhsil alıram. Doqquzuncu sinif şagirdiyəm. 15 yaşım var. Atam biznesmendir. Anam atamın müəssisəsinin maliyyə işlərini idarə edir. Bir qardaşım var. Hazırda o, Amerikanın Arizona ştatında təhsilini davam etdirir.

– Bu sizin Azərbaycana ilk gəlişinizdir?

– Bəli.

– Bakı xatirinizə necə həkk olundu?

– Sözün düzü, Bakı məni öz soyuq küləyi ilə bir qədər üşütdü. Lakin insanların mehribançılığı, qonaqpərvərliyi elə valeh etdi ki, bu səmimiyyət mənə Bakı küləyini tamamilə unutdurdu. Hə, onu da deyim ki, rastlaşdığım insanların mənimlə ingilis dilində ünsiyyət qurmağa və mənsub olduğum ölkə barədə məlumat almağa çalışmaları da diqqətimi cəlb etdi. Bakı haqqında isə son təəssüratım belədir: Bakı gözəl insanlarla dolu gözəl bir şəhərdir.

– Sizinlə söhbətdən aydın oldu ki, İçərişəhəri də ziyarət etmisiniz…

– İçərişəhərdə yerləşən Şirvanşahlar sarayındakı Azərbaycan xalqının milli geyimləri diqqətimi çox cəlb etdi. Elə həmin geyimlərlə də bir neçə şəkil çəkdirdim. Sanıram ki, həmin paltarlar – milli geyimlər mənə də çox yaraşdı.

– Azərbaycan dilini tam öyrənmək niyyətiniz varmı?

– Əlbəttə, var. İnşallah, məktəbi bitərəndən sonra bu dili tam öyrənəcəyəm.

– Bəs Azərbaycana gələnə qədər bu ölkə ilə bağlı hansı məlumatlara malik idiniz?

– Bu bir həqiqətdir ki, Azərbaycan – Bakı dünyanın hər yerində öz təbii ehtiyatları, xüsusilə, nefti, qazı ilə tanınır. Mən də elə Azərbaycanı, əgər belə demək mümkünsə, bu atributları ilə tanımışam. Bir də burada ümummilli lider adlandırdığınız Heydər Əliyevlə bu ölkəni tanımışam. Onu da deyim ki, Azərbaycan haqqında daha ətraflı məlumatları mənə təxminən ilyarım öncə Myanmara çalışmağa gəlmiş Fərqanə xanım Mehdiyeva verib.

– Bakıda keçirilən “Dil və Mədəniyyət Festivalı”nda əməkdar artist Tünzalə Ağayeva ilə birgə ifa etdiyiniz lirik “Ürəyimsən” mahnısı (sözləri və musiqisi Murad Arifindir) alqışlarla qarşılandı…

– Bu mahnı ilə də tanışlığıma elə Fərqanə müəllimə vəsilə olub. Onu da deyim ki, Tünzalə xanım kimi bir sənət adamı ilə eyni Heydər Əliyev Sarayının səhnəsini paylaşmaqdan çox məmnun oldum. Mənim nəzərimdə Tünzalə xanım Azərbaycanın ən yaxşı müğənnisidir.

– Gələcəkdə kiminlə duet oxumaq fikriniz var?

– Türkiyənin tanınmış sənət adamı Burcu Günəşlə…

– Bəs daha hansı Azərbaycan mahnılarını ifa edə bilirsiniz?

– Dünya şöhrətli Zeynəb Xanlarovanın ifa etdiyi “Yaşa, mənim xalqım” mahnısını, bir də Zülfiyyə Xanbabayevanın özünəməxsus şəkildə oxuduğu “Azərbaycan”ı. Onu da deyim ki, ilk öyrəndiyim “Azərbaycan” mahnısı olub. Bir sözlə, hazırda repertuarımda 3 Azərbaycan mahnısı var. Özüm də bu mahnıları qısa zaman kəsiyində öyrənmişəm. Həmin mahnılar məni elə ovsunlayıb ki… Onları bu və digər iş görəndə də zümzümə edirəm.

– Yəqin, burada özünüzə yeni dostlar da qazandınız?!

– Hə, elədir. Onlarla həmişə əlaqə saxlamağa çalışacağam. Onu da deyim ki, belə tədbirlər həm də mədəniyyətlərarası əlaqələrin genişlənməsinə, həmçinin müxtəlif dillərin dünyada tanıdılmasında önəmli rol oynayır. Bu mənada mən öz ölkəmdə Azərbaycan dilinin təbliğatçısıyam desəm, yanılmaram.

– Azərbaycan mətbəxinin hansı yeməkləri daha çox xoşunuza gəldi?

– Paxlava, çay öz yerində… Toyuq ləvəngisi daha çox xoşuma gəldi. Onu da etiraf edim ki, mən yeyimciləm.

– Bakıdan dostlarınıza hansı hədiyyələri aparacaqsınız?

– İçərişəhərdən Azərbaycanı, onun mədəniyyətini özündə ehtiva edən çoxlu suvenirlər almışam. Güman edirəm ki, onları qohum-əqrəbam, dostlarım böyük maraqla qarşılayacaqlar. Hə, onlar üçün dadından doymaq olmayan paxlava da alacağam. Bir də onlara Azərbaycandan, bu məmləkətə olan sevgimdən, bu ölkənin qonaqpərvərliyindən, mehriban insanlarından o qədər söz açacağam ki…

– Bir neçə gündür ki, Azərbaycandasınız. Yəqin ki, bu müddətdə valideynlərinizlə əlaqə saxlamısınız. Onlar sizinlə telefonla danışarkən daha çox nə ilə maraqlanırlar?

– Atam Bakı ilə çox maraqlanır. Mən ona burada gördüklərim barədə ətraflı məlumat vermişəm. Demişəm ki, Azərbaycan gündən-günə inkişaf edən bir məmləkətdir. Burada insanlar elə qonaqpərvərdir, mehribandır lar ki, söz ilə izah etməyə çətinlik çəkirəm. Üstəlik, dedim ki, mən burada özümü evimizdəki kimi hiss edirəm. Ətrafımdakı qonaqpərvər insanların sayı-hesabı yoxdur. Hər kəs mənə sevgi ilə, hörmətlə yanaşır, sanki uzaq ölkədən qohumları gəlib. Bir də mənə böyük insan kimi baxırlar. Hətta onların belə isti münasibətləri məni iki dəfə kövrəltdi də… Mənim bu kimi məlumatlarımdan sonra atam da nə vaxtsa Azərbaycanı ziyarət etmək fikrinə düşüb.

– Bəs siz nə vaxtsa Azərbaycana turist kimi gəlmək niyyətindəsiniz?

– Turist kimi yox, Amerikada ali təhsil aldıqdan sonra bir memar kimi Azərbaycanda fəaliyyət göstərmək niyyətindəyəm.

– Azərbaycan dilini dünyanın hansı dili ilə müqayisə edərdiniz?

– Öz ana dilimlə… Bu dil mənə öz ana dilim qədər doğmadır, əzizdir, şirindir. Amma etiraf edim ki, ilk dəfə “qe” və “xe” hərflərini tələffüz edərkən bir qədər çətinlik çəkmişəm.

– Myanmar məktəbliləri ilə Azərbaycan məktəbliləri arasında hansı oxşarlıqlar var?

– Mənə elə gəlirdi ki, bizim şagirdlər dostcanlıdırlar. Amma burada ziyarət etdiyim məktəblərin şagirdləri ilə görüşəndən sonra onların daha çox dostcanlı olduqlarının şahidi oldum.

– Asudə vaxtlarınızda nə işlə məşğul olursunuz?

– Mahnı öyrənmək öz yerində… Hərdən itimlə oynayıram.

– Yenə qayıdaq o möhtəşəm tədbirə… İfanız dəfələrlə alqışlarla qarşılandı. O alqışlar, yəqin ki, sizi uzun müddət tərk etməyəcək…

– Təbii. Bu alqışlar heç zaman xatirəmdən silinməyəcək. Elə xatirimdən silinməyəcək o alqışlar da mənə bu ölkəni xatırladacaq.

– İndiyədək belə alqışlanmışdınız?

– Etiraf edim ki, yox…

– Həyatınız belə alqışlarla davam etsin…

– Çox sağ olun…

– Başqa nə demək istərdiniz?

– Bu şəkildə qarşılandığıma görə, bütün Azərbaycan xalqına təşəkkür edirəm.

QVAMI MƏHƏBBƏTOĞLU, VÜQAR AĞAMALIOĞLU,

Today`s Baku

Todaysbaku.az

 

rəylərinizi unutmayın
Share.

About Author

Comments are closed.