“Azərbaycan digər ölkələrlə müqayisədə daha təhlükəsiz və dostcanlı bir ölkədir”

0

Dünyanın ən böyük media qurumlarından olan “Thomson Foundation”nin əməkdaşı, köhnə tanışım Den Meysonun (Dan Mason) Azərbaycana gələcəyini eşidəndə ismarış göndərdim ki, Bakıda olanda görüşək. Məlumat üçün deyim ki, D. Meyson İngiltərədə qəzetlərdə, eyni zamanda mühüm media qurumlarında çalışıb. O, Azərbaycandakı media işçiləri, həmçinin jurnalistika təhsil mərkəzləri üçün treninqlər təşkil edir. Elə 2009-cu ildə də D. Meysonla tanışlığım Bakı Dövlət Universitetində, jurnalistika fakültəsində baş tutub.
D. Meysonla söhbətim zamanı harada işlədiyimlə maraqlandı. “Zaman-Azərbaycan” qəzetində çalışdığımı deyəndə Denin nə qədər qəzet həvəskarı olduğunu hiss etdim. Mən də onu Azərbaycana gələn kimi ofisimizə dəvət etdim.
– Azərbaycanda gördükləriniz və ümumiyyətlə, Azərbaycan haqqında nə deyə bilərsiniz?

– Mən Azərbaycana 5 il əvvəl gəlmişəm. İlk gəlişimdə özümü çox rahat və təhlükəsiz hiss edirdim. Bu ölkə digər ölkələrlə müqayisədə daha təhlükəsiz və dostcanlı bir ölkədir. Mənim Bakıdan kənara çıxmağım 3 ilimi aldı. Sonra regionlara getdim. Azərbaycanın ən çox sevdiyim cəhəti insanlarıdır. İnsanları çox gözəl xarakterə malikdirlər. Mən keçən dəfə Qubaya getmişdim. Xınalıq kəndinə getdim. Kənd çox gözəldir. İnanılmaz dərəcədə mehriban insanları var. Mobil jurnalistika ilə bağlı kurslar, treninqlər zamanı Lənkəranda da oldum. Təbiəti müxtəlif gözəlliyə sahib olduğu kimi, insanları da gözəl təbiətə malikdir. Ölkəniz əsla cansıxıcı ola bilməz. Dediyim kimi, müxtəlif gözəllikləri, insanların mehriban olması Azərbaycanı vazkeçilməz edir.

Novruz bayramını xüsusi qeyd etmək istəyirəm. Möhtəşəm bir bayramdır. Çox maraqlı bayramdır. Maraqlı tarixi və adət-ənənəsi var. Bir neçə dəfə Novruz bayramlarında iştirak etmişəm. Əyləncəsi bol ölkədir. Azərbaycan rəqsləri inanılmaz dərəcədə gözəldir. Rəqslərinizi bir neçə dəfə görmüşəm. Arxitekturası, yeməkləri, insanları və mədəniyyəti ilə çox gözəl, əvəzolunmaz ölkədir.

– Azərbaycan mediası haqqında nə düşünürsünüz? Xüsusilə də, medianın inkişafı ilə bağlı fikirləriniz maraqlı olardı?

– Xüsusilə, medianın irəliləyişi, inkişafı başqa ölkələrlə müqayisədə çox güclüdür. Azərbaycanın media üstünlüklərindən biri də əlaqədir. İkinci isə jurnalistlərin öz işlərini bilmələridir. Jurnalistlərin sayı da kifayət qədərdir. Bəzi zəruri hallarda jurnalist qıtlığı olmur. Dünyada çox ölkədə azərbaycanlı jurnalistləri görmək olar. Almaniyada çoxlu azərbaycanlı jurnalistə rast gəldim. Britaniyada belə rast gəldim. Hətta başqa ölkələrdə də rast gəlmişəm. Azərbaycanda neft sahəsində də jurnalistikanın inkişafı müşahidə olunmaqdadır. Bu, hadisələrin yayımlanması və başqa məsələlərin inkişafına təkan verən elementlərdir. Mənim narahat olduğum sahə Azərbaycanda jurnalistika üzrə təhsil sistemindəki keyfiyyətsizlikdir. Jurnalistika təhsili verən universitetlərin təcili yenilənməsinə ehtiyac var. Fikirimcə, jurnalistikada praktika üstünlük təşkil etməlidir. Nəzəriyyə ilə jurnalistika öyrətmək olmaz; xüsusilə də müasir medianın multimedia sahəsini. Bəlkə də nəzəriyyə öyrətmək olar, amma buna 4 ilin sərf olunması mənasız bir şeydir. Bu mənim jurnalistika təhsil sistemində gördüyüm ümumi fikirlərimdir. Bu sistem yeni məzun olmuş jurnalistika tələbələri üçün işə başlayanda problem təşkil edir. Onlar universitetdə öyrənməli olduqları nüansları artıq iş yerində öyrənirlər. Beləcə də, bu məzunlar yaşlı nəslin təcrübəsindən yararlanırlar və jurnalistikanın inkişafına ən böyük mane də buradan başlayır. Təhsil sisteminin bu cür olması jurnalistikanın inkişafının qarşısını alır. Azərbaycan mədəniyyəti hələ də çox güclüdür. Azərbaycançılıq cəmiyyətə və ailəyə təsir göstərir. Hansı ki jurnalistikaya da təsir edir. Buna görə, demək olar ki, Azərbaycanda jurnalistika sağlam mövqedədir. İnsani dəyərlərə üstünlük vermək müsbət jurnalistikanın inkişafına təkan verir.

Azərbaycan mediasının bir problemi də təbiəti sevdirmə jurnalistikasının zəif olmasıdır. Qlobal problem kimi ən ciddi məsələlərdən biri də budur. Bununla bağlı nə universitetlərdə dərs verilir, nə də media qurumlarında kifayət qədər yazılır.

– Britaniya və Azərbaycan jurnalistikasında fərqlər və oxşarlıqlardan danışa bilərsinizmi?

– Fərqlər haqqında belə deyə bilərəm ki, Britaniya mediası multimedia sahəsində çox irəlidədir. Britaniyadakı hər jurnalist keyfiyyətli şəkil çəkməyi, səs və video yayımlamağı bacarır. Bu, Britaniyada ən adi bir jurnalistin belə bildiyi və jurnalistdirsə, bilməli olduğu bacarıqdır. Azərbaycanda “İphone” və “Android” sistemli telefonlara sahib olan jurnalistlərin az olması multimedianın inkişafını bir az ləngidir. Digər bir fərqli cəhət isə buradakı jurnalistlərin jurnalistlik bacarığı daha aşağıdır. Bu da təhsil sistemindəki bayaq danışdığımız problemlərdən irəli gəlir. Başqa bir maraqlı fərq isə sosial media ilə bağlıdır. Azərbaycanda 100-dən artıq jurnalistlə çalışdım. Çox təəssüf ki, o jurnalistlərdən çox azının ağıllı telefonu var idi. Hətta nadir halda rast gəldim. Ağıllı telefon jurnalistika üçün çox mühüm bir vasitədir. Hər iki ölkənin sosial mediadan istifadə edərək, məlumat yaymaqda çox yaxşı imkanları var. Sosial medianın imkanları burada Britaniyadan daha yaxşıdır, amma istifadə səviyyəsinə və jurnalistlik bacarığına görə Britaniya daha üstündür.

– Britaniyada Azərbaycanın işıqlandırılması haqqında nə deyə bilərsiniz?

– Britaniyada çox adama yaxınlaşsan ki, Azərbaycanı xəritədə tap, çətin ki, tapa bilsin. Tanınmayan bir yer üçün də xəbər vermək, informasiya yaymaq çətin işdir; təbii ki, bu ölkədə ciddi hər hansı bir hadisə baş verməyibsə. Ukraynanı Britaniyada son hadisələrdən sonra tanıdılar. Hazırda Suriyada, Ukraynada yaşanan hadisələr bu yerlərin Britaniyada daha çox tanınmasına səbəb olub.

– Qarabağ məsələlərinin işıqlandırılması haqqında nə deyə bilərsiniz?

– Mənə görə, Azərbaycan istər maraqlı olsun, istərsə də yox, Qarabağ problemi işıqlandırılmalıdır. Çünki Azərbaycanın ərazisi ilə müqayisədə böyük torpaqları işğal olunub və bundan bütün dünyanın xəbəri olmalıdır. Bir tərəfdən də Şərqi Avropada baş verənlər bütün Avropada maraqlı olmalıdır. Bunun üçün də çalışmaq lazımdır.

– Azərbaycanda gənc jurnalistlər haqqında nə deyə bilərsiniz? Onların imkanları və iş qabiliyyətləri haqqında…

– Azərbaycanda gənc jurnalistlərin sayı sürətlə artır. Hər halda gənclər hər sahədə daha faydalıdır. Yeni medianı gənc jurnalistlər daha yaxşı anlaya bilərlər. Diqqət edəndə Azərbaycanda əksər videolar və multimedia şəklində informasiyalar əsasən gənclər və xüsusilə də, gənc xanımlar tərəfindən daha çox yayımlanır. Xüsusilə də, sosial problemlərlə bağlı məsələlər gənc yazarlar tərəfindən yayımlanır. Sizdə gənc jurnalistlər tərəfindən radiolar, media inkişaf mərkəzləri, qeyri-hökümət təşkilatları qurulur. Müqayisə üçün onu deyim ki, bizdə Britaniyada media inkişafı qurumu yoxdur. Bir tərəfdən düşünəndə Britaniyada buna ehtiyac da yoxdur. Çünki Britaniyada media kifayət qədər inkişaf edib. Burada isə çoxlu kurslar, treninqlər olur ki, bu da gəncləri həvəsləndirir. Bu işdə gənclərin rolu danılmazdır. Bunlar müsbət şəkildə baş versə, bu Azərbaycan üçün böyük irəliləyişdir.

– Azərbaycanda 5 ildə hansı dəyişiklikləri gördünüz?

– Azərbaycan sürətlə inkişaf edir. Bu inkişaf, bir tərəfdən, varlı insanları artırır, digər tərəfdən də, kasıb insanları artırır. Güclü təbəqələşmə gedir. Bakıda gördüklərimlə bağlı onu deyə bilərəm ki, Bakı inkişaf edir və bir gün Londona çatacaq, özündən qabaqda hansı şəhər varsa, onu keçmək üçün çalışacaq.

VÜQAR AĞAMALIOĞLU
Today`s Baku
Todaysbaku.az

rəylərinizi unutmayın
Share.

About Author

Comments are closed.