Olmaz ki, hamımız müsəlman olaq?

0

-Həmid dayı, ay Həmid dayı.

Başına əmmamə qoymuş kənd mollası olan Həmid kişi Turalın səsinə ayaq saxlayıb geri çevrildi.

-Nədi a bala.

Qan tər içində, çiynində özü boyda məktəb çantası ilə qaça – qaça Həmid kişiyə yaxınlaşdı.

-Ay Həmid dayı, din nədir? Biz indi müsəlmanıq?

-Niyə soruşdun ki, a bala?

-Həyat Bilgisi dərsindən keçmişik.

-Nə keçmisiz?

-Dinlər haqqında dərs.

-Həəə? Orda nə var dinlər haqqında?

-Xristianlıq, Yəhudilik, Buddizim haqqında…

-Allah, Allahhh, sən bizi şeytandan qoru.

-Noldu ki, ay Həmid dayı?

-A bala, bunlar kafirdilər, sən gərək belə şeylərə başını yormayasan.

-Bəs nə etməliyəm?

Həmid kişi saqqalını sığallaya-sığallaya fikirləşdi. Bu arada onun telefonuna zəng gəldi.

-Alooo…Hə bala mənəm…Yoo hələ ölən yoxdu…Yaxşııı…Nə vaxt ölüb?…Hə yaxşı qadan alım…Bax haa, günü 100 manatdan aşağı yas aparmıram…Yaxşı – yaxşı gələrəm…

-Həmid dayı yas aparmaq nə demək?

-A bala adam ölür, onu el adəti üzrə dəfn edillər. Ölənin qohumları da yığılır onun ruhuna dua etmək üçün molla tutur.

-Bu hansı dindi ki?

-İslam dinidi də bala…

-İslam dini? Həmid dayı məyər İslam dinində ölünü pulla basdırırlar?

Cavab verməkdə çətinlik çəkən Həmid kişi saqqalınl sığalladı.

-Sənin müəllimən də belə çox danışandı?

Qara gözlərini tərs – tərs Həmid kişiyə zillədən Tural cavab gözləyirdi.

-A bala get dərslərini oxu…

-Həmid dayı, bəs şiə kim? Sinif yoldaşım da dedi ki, mən sünniyəm. Başa düşə bilmirəm, axşam da televizorda vəhabilərdən danışırdılar. Bunlar hansı dindilər?

-A bala onlar da kafirdilər. Biz adət ənənəmizə uyğun olanı yaşamalıyıq

-Bizim adətimiz pulla Quran oxumaqmı?

Turalın bu sualı Həmid kişiyə sillə kimi dəydi. Kişinin sanki başına hava gəldi.

-Sənin müəllimənin deyəsən mənimlə qəsdi var ki, sənə bu dərsləri keçib. Sünni də, vəhhabisi də kafirdi. Əl çək bala məndən, əl çək.

Həmid kişi nətər əsəbləşdisə qışqırmağa başladı. Ətraf camaat başına toplaşdı. Tural isə suallarında inadlı idi.

-Ay camaat alın məni bu dəlinin əlindən adama nə qədər sual verəllər. Öldüm vallah, öldüm eee.

-Həmid dayı, ay Həmid dayı.

-İndi nə var a bala?

-Olmaz ki elə hamımız müsəlman olaq?

Gülnarə  Sadiq

Today’s Baku.az

rəylərinizi unutmayın
Share.

About Author

Comments are closed.