“ŞUŞAYA GETMƏK İSTƏYİRƏM!…”

0

Bu günlərdə sosial şəbəkədə daha çox paylaşılan gözəl bir şəkil diqqətimi çəkdi. Balaca AZƏRBAYCAN qızı əlində bayrağımızla birlikdə tutduğu rəsmdə arzusunu dilə gətirmişdi. “BİZ BU YAY ŞUŞAYA GETMƏK İSTƏYİRİK!” sözünün yazıldığı rəsm, bu qızcığazın kiçik qəlbindəki dünya boyda VƏTƏN sevgisinin tərcünmanı idi. O gözlər torpaq eşqinin aşılandığı bir ürəyin güzgüsü idi. BƏLİ, VƏTƏN SEVGİSİNİN AŞILANDIĞI… Paylaşımları izlədikcə, müxtəlif fikirləri oxudum. Bəziləri informasiya müharibəsində uşaqlardan istifadə edilməsinə etiraz etdi. Hətta çoxları “bu yaşdakı uşaqlarda vətən sevgisi, vətən həsrəti onlara öyrətdiyimiz şeirlər qədərdir” söylədi. Deməli, məsələnin kökündə də bu məqam dayanır. Öyrənilən, məhz ÖYRƏTDİYİMİZ QƏDƏRDİR. VƏTƏNİ, TORPAĞI, HƏYATI, SEVGİNİ və NİFRƏTİ övladlarımıza necə aşılayırıqsa, gələcəyimizi də, məhz elə formalaşdırırıq. Hər şey öz əllərimizdədir. “UNUTQANLIQ” adlı yazımda da bu mövzuya toxunmuşdum. Elə həmin yazımdan kiçik bir hissəni xatırlamaq istəyirəm. Çünki bununla demək istədiklərimi daha gözəl ifadə etmiş olaram:-“… Hər an düşmənə nifrət hissiylə yaşayaq! Və bunu övladlarımıza da aşılayaq! Təəssüflər olsun ki, çox vaxt balalarımıza lap körpəlikdən düşmənlə barışmaz olmağı öyrətmirik. Gözləyirik, qoy böyüsün, ağıllansın, sonra öyrədərik. Dəhşətlisi budur ki, heç sonra da öyrətmirik. Beləcə, yaddaşımızı unutqanlıq girdabında boğuruq…”

   susa

   Bir daha diqqətlə baxaq, bu rəsmə. Mahiyyətindəki uca məqamı qəlbimizin səsiylə duymağa çalışaq…

-“ŞUŞAYA getmək istəyirəm… ŞƏHİDLƏRİMİZİN məzarına aparacağım çiçək dəstəsini ŞUŞADAN toplamaq üçün! ŞUŞAYA getmək istəyirəm… Mən gəldim, əslində “BİZ GƏLDİK!” demək üçün! İllərlə işğal altında inildəyən torpağımızın üstündə izi qalan çaqqalların ləpirlərini ÖZ ADDIMLARIMIZLA birdəfəlik silmək üçün! ŞUŞAYA getmək istəyirəm… Heykəli belə mənfurlar tərəfindən güllələnmiş XAN QIZI NATƏVANIN tənindəki güllə yaralarını sağaltmaq üçün! İSA BULAĞINDAN ovcuma alacağım büllur suyun sərinliyini, illərlə köksümüzdə göynəyən QARABAĞ nisgilinə məlhəm etmək üçün! Dünya uşaqlarının SÜLH istəyini YER KÜRƏSİNƏ “PƏNAHABAD” qalasında dalğalandıracağımız ulu bayrağımızla söyləmək üçün!

   ŞUŞADAN XOCALIYA QƏLƏBƏ sevincini gətirmək istəyirəm… Malıbəylidəki “QIZLAR MƏKTƏBİ” yenidən şagirdlərinin uğurlarıyla tanınsın. “AĞABƏYİM AĞANIN QƏSRİ” ndə bir daha səyahət etmək istəyirəm, MOLLA PƏNAH VAQİFİN poeziya dünyasına. Vətənin hər daşına, hər çiçəyinə birər-birər nəql etmək istəyirəm, ŞƏHİDLƏR XİYABANINDA uyuyan beş yaşlı XOCALININ məzarda “böyüyən uşaqlığından”…

   KƏLBƏCƏRDƏ vərəqləmək istəyirəm, onun tarixini. “ÇAY ÜSTÜNDƏ QALA” adlandırılan bu torpaqda uşaqlıqdan iz salacaq addımlarımızla böyüyək! Bütün dünyada “QASIMUŞAĞI” adı ilə tanınan milli dəyərlərimizdən biri olan xalçamızın ilmələrinə QƏLƏBƏ sevincimiz, məhz LAÇINDA toxunsun! QARABAĞIN ÜRƏYİ sayılan AĞDAMDA dinləmək istəyirəm, QARQAR və XAÇININ sularındakı həzin nəğməni… CƏBRAYILDAKI yaşı altı əsri adlamış ÇİNARIN kölgəsində sevdiyim kitabları oxumaq istəyirəm… Böyük dramaturqumuz İLYAS ƏFƏNDİYEVİN möhtəşəm əsərlərinə FÜZULİ DÖVLƏT DRAM TEATRINDA tamaşa etmək istəyirəm… Və ZƏNGİLANDAKI BARTAZ QIZ QALASINDA asmaq istəyirəm, əlimdə tutduğum ÜÇ RƏNGLİ AY-ULDUZLU BAYRAĞIMI!”

                          

  Yaqut Hüseynova

Today’s Baku.az

rəylərinizi unutmayın
Share.

About Author

Comments are closed.